Həkimlər yeməkdən sonra düzgün vərdişlərin formalaşdırılmasının həzm sisteminin sağlamlığı üçün xüsusi əhəmiyyət daşıdığını bildirirlər. Foodinfo.az xəbər verir ki, “SM-Clinic”in qastroenteroloqu Anastasiya Qostrous yeməkdən sonra uzanmağın ciddi narahatlıqlara səbəb ola biləcəyini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, qida qəbulu bitdikdən sonra bədənin dərhal horizontal vəziyyətə salınması mədə-bağırsaq traktının işini ləngidir. O bildirib ki, həzm sistemi ən səmərəli şəkildə məhz vertikal — yəni oturaq və ya ayaqüstü vəziyyətdə fəaliyyət göstərir.

Qostrousun açıqlamasına əsasən, yeməkdən sonra uzanmaq mədədə qidanın daha uzun müddət qalmasına, onun aktiv şəkildə parçalanmamasına gətirib çıxarır. Bu isə öz növbəsində şişkinlik, meteorizm, ağırlıq hissi və ürəkbulanma kimi narahatlıqlara səbəb olur.

Həkim qeyd edib ki, bu vərdiş uzun müddət davam etdikdə orqanizmin qidalardan lazım olan maddələri mənimsəmə qabiliyyəti də zəifləyə bilər. Bu isə həm ümumi enerji səviyyəsinə, həm də bağırsaqların fəaliyyətinə mənfi təsir göstərir.

Mütəxəssis sağlam həzm üçün yeməkdən sonra ən azı 20–30 dəqiqə oturaq vəziyyətdə qalmağı, qısa piyada gəzintilərin isə həzmi daha da asanlaşdıra biləcəyini tövsiyə edib.