“2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizdə bu sahənin inkişaf etdirilməsi məqsədilə çoxsaylı tədbirlər görülüb.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov şərabçılıq sənayesinin vəziyyəti ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb:
– Azərbaycanın şərab və şərab məhsullarının əsas ixrac coğrafiyası hansı ölkələrdir?
– Əsas ixrac bazarımız Rusiya Federasiyasıdır. Şərab və şərab məhsullarımızın 80 faizi Rusiya Federasiyasına göndərilir. Bununla yanaşı, “Made in Azerbaijan” brendi ilə Ukraynaya, Belarusa, Orta Asiyaya, Polşaya, Niderlanda, Belçikaya, Fransaya, eləcə də Çinə, Yaponiyaya, Cənubi Koreyaya şərab ixrac edirik. Azərbaycan şərabları, az da olsa, İsrailə, ABŞ-a da satılır.
– Son aylarda dünyada baş verən hadisələr Azərbaycan şərabının ixracına necə təsir göstərir?
– Təbii ki, Ukraynada baş verənlər, eləcə də bir sıra digər ölkələrdə gedən proseslər bir sıra məhsulların, o cümlədən şərabın ixracına mənfi təsir göstərir. Rusiyada milli valyutanın qeyri-sabit olması, Belarus rublunun kəskin ucuzlaşması ilə yanaşı, nəqliyyat xərclərinin də iki dəfəyədək artması, Ukraynada isə hadisələrin davam etməsi səbəbindən, bu ölkələrə ixracın həcmi bu ilin mart-aprel aylarında kəskin azalsa da, son zamanlar bir qədər artım müşahidə olunur. Sözsüz ki, mövcud vəziyyətdə Ukraynaya ixracla bağlı hər hansı planlar qurmaq mümkün deyil. Koronavirus pandemiyası da bu sahədə ixraca böyük zərbə vurdu: əgər 2017-ci ildə Azərbaycanda şərab ixracının dəyəri 5,6 milyon ABŞ dollarına yaxın, 2018-ci ildə 7,7 milyon, 2019-cu ildə 7,4 milyon dollar idisə, 2020-ci ildə bu rəqəm 4 milyon 33 min dollara, 2021-ci ildə isə 3 milyon 946 min dollara düşüb.
Pandemiya səbəbindən ixracda təqribən 47-48 faiz azalma baş verdi. Ötən illə müqayisədə bu il də ixrac sahəsində hələ geriləmə var. “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” ərsəyə gələndə hesab edilirdi ki, 2025-ci ilədək şərabçılıq müəssisələrinin istehsal potensialından maksimum səviyyədə istifadə etməklə ölkədə şərab ixracını 5 dəfə artırmaq mümkün olacaq. Ölkədə şərab ixracı 2016-cı ildən artmağa başlayıb, hətta 2017-ci illə müqayisədə 2018-2019-cu illərdə ixracın həcmində 2 dəfə artım qeydə alınmışdı. Bu baxımdan, həmin artım dinamikasının qalacağı təqdirdə, 2025-ci ildə ixracın həcminin 5 dəfəyədək yüksələcəyini proqnozlaşdırırdıq. Təəssüf ki, yuxarıda qeyd etdiyimiz səbəblərdən gözləntilərimiz özünü doğrultmadı.
– Şərab məhsullarının istehsal həcmində hər hansı dəyişiklik baş veribmi?
– Şərab istehsalının həcmi demək olar ki, hər il eyni səviyyədə qalır, illər üzrə kəskin fərqlər müşahidə edilmir, müəssisələrin istehsal gücü illər üzrə dəyişmir. İstehsal baxımından ötən il nisbətən uğurlu idi, həm şərab, həm də üzüm istehsalında, az da olsa, artım qeydə alınmışdı. Bu ilin yanvar-may aylarında üzüm şərabı istehsalı 49,2% artaraq 269.6 min dekalitr təşkil edib. Ümid edirik ki, ilin sonuna qədər bu artım dinamikası saxlanılacaq.
– Ölkədə şərabçılıq üçün kifayət qədər üzüm sahələri varmı?
– Üzüm bağları əsasən Cəlilabad, Kürdəmir, İsmayıllı, Qəbələ, Göygöl, Şəmkir, Tovuz rayonlarındadır. Hazırkı istehsal həcmi üçün kifayət qədər üzüm bağlarımız var. Azərbaycan dünyada keyfiyyətli texniki üzüm sortlarının əkilib-becərildiyi
ərazilərdən sayılır. Ölkəmiz “Bayanşirə”, “Mədrəsə”, “Şirvanşahı”, “Xindoqnı”, “Həməşərə”, “Mələyi”, “Xərci”, “Qara aldərə”, “Dəvəgözü” və s. kimi yüksək keyfiyyətli yerli (aborigen) texniki üzüm sortları ilə məşhurdur.
– Şərab məhsullarının istehsal həcmində hər hansı dəyişiklik baş veribmi?
– Şərab istehsalının həcmi demək olar ki, hər il eyni səviyyədə qalır, illər üzrə kəskin fərqlər müşahidə edilmir, müəssisələrin istehsal gücü illər üzrə dəyişmir. İstehsal baxımından ötən il nisbətən uğurlu idi, həm şərab, həm də üzüm istehsalında, az da olsa, artım qeydə alınmışdı. Bu ilin yanvar-may aylarında üzüm şərabı istehsalı 49,2% artaraq 269.6 min dekalitr təşkil edib. Ümid edirik ki, ilin sonuna qədər bu artım dinamikası saxlanılacaq.
– Ölkədə şərabçılıq üçün kifayət qədər üzüm sahələri varmı?
– Üzüm bağları əsasən Cəlilabad, Kürdəmir, İsmayıllı, Qəbələ, Göygöl, Şəmkir, Tovuz rayonlarındadır. Hazırkı istehsal həcmi üçün kifayət qədər üzüm bağlarımız var. Azərbaycan dünyada keyfiyyətli texniki üzüm sortlarının əkilib-becərildiyi ərazilərdən sayılır. Ölkəmiz “Bayanşirə”, “Mədrəsə”, “Şirvanşahı”, “Xindoqnı”, “Həməşərə”, “Mələyi”, “Xərci”, “Qara aldərə”, “Dəvəgözü” və s. kimi yüksək keyfiyyətli yerli (aborigen) texniki üzüm sortları ilə məşhurdur.
– Şərabçılıq sənayesinin gələcək perspektivlərini necə qiymətləndirirsiniz?
– İlk növbədə, Azərbaycan şərabının təbliğini genişləndirmək, ixracı təşviq etmək, istehsalçılara dəstək olmaq lazımdır. Bu sahədə İqtisadiyyat Nazirliyi, AZPROMO, Kənd Təsərrüfatı Nazirliyi müxtəlif dəstək və təşviq mexanizmləri tətbiq edir. İxrac sahəsində çox böyük potensialımız var və biz bu imkandan maksimum səmərəli istifadə etməliyik. İxracın həcminin artırıması və coğrafiyasının genişləndirilməsi həm dövlətin, həm assosiasiyanın, həm də şərabçılıq müəssisələrinin daim diqqət mərkəzindədir. Buna nail olmaq üçün xaricdə fəaliyyat göstərən böyük satış şəbəkələrinin nümayəndələri ilə danışıqlar aparılır, şərabçılıq potensialımızı nümayiş etdirmək məqsədilə xarici şirkətlərin nümayəndələrinin Azərbaycana səfərləri təşkil edilir, beynəlxalq sərgilərə cəlb olunur, müxtəlif beynəlxalq tədbirlərdə təqdimatlar keçirilir.
– 2020-ci ildə şərabçılıq mədəniyyətini tanıtmaq üçün Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edən Qafqaz şərab marşrutunun yaradıldığı elan edildi. Həmin marşrut işləkdirmi? Ümumiyyətlə, bu gün Azərbaycanda turizm şərabçılıq marşrutlarından istifadə olunurmu?
– Bəli, qeyd etdiyiniz marşrut bu gün də fəaliyyət göstərir. Bizim müəssələrimiz Dövlət Turizm Agentliyi ilə bu və digər istiqamətlər üzrə hərtərəfli əməkdaşlıq edir. Ümumiyyətlə, şərabçılıq enoqastronomiya və turizmlə sıx bağlıdır. Sözsüz ki, pandemiya bu sahələrə çox böyük zərbə vurdu. Buna baxmayaraq, hazırda şərab turizmi ən dinamik inkişaf edən turizm növü sayılır. İnanırıq ki, sərhədlərin açılması, aviauçuşların bərpa olunması bu sahədə vəziyyətin qaydasına düşməsinə səbəb olacaq. Azərbaycanın unikal təbiəti, relyefi, zəngin mətbəxi bunu deməyə əsas verir və ildən-ilə şərab marşrutlarının, bu marşrutlardan istifadə edən turistlərin sayında əhəmiyyətli artım olacağına əminlik yaranır.