Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.

Foodinfo.az xəbər verir ki, AQTİ-nin mütəxəssisləri tərəfindən keçirilən növbəti təlim “HACCP-Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda olub. Təlimdə iştirakçılar HACCP prinsipləri əsasında müvafiq qrupun yaradılması və tərkibinin müəyyənləşdirilməsi, eyni zamanda emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin, eləcə də təyin edilmiş kritik nəzarət nöqtələrinin hər biri üçün kritik limitlərin və aparılan bütün təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyənləşdirilməsi barədə məlumatlandırılıblar. Həmçinin iştirakşılara məhsulun identifikasiyasının və aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin olunması, eləcə də kritik nəzarət nöqtələri üçün monitorinq və düzəldici fəaliyyətlərin tətbiq edilməsi haqqında məlumat verilib. Eyni zamanda yerində təlim məşğələlərinin həyata keçirilməsi və sistemin tətbiqində qarşıya çıxacaq maneələr və onların həlli yolları haqqında maarifləndiriliblər.

İnteraktiv formada təşkil olunan təlimin sonunda iştirakçıların müvafiq sahə üzrə bilik səviyyəsi qiymətləndirilib və sertifikatlar təqdim edilib.