Yay mövsümündə isti hava və düzgün olmayan qidalanma bağırsaqların fəaliyyətinə mənfi təsir göstərə bilər. Xüsusilə yüngül qəlyanaltılarla kifayətlənmək və su balansını pozmaq həzm sistemində ciddi problemlərə səbəb ola bilər.

Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, dietoloq Nataliya Kruqlova bağırsağın fəaliyyətini ləngidə bilən qidalar barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, isti havalarda tərləmə nəticəsində orqanizm daha çox maye itirir. Əgər bu itki bərpa olunmazsa, bədəndə su çatışmazlığı yaranır və bu da qəbizliyə meyilliliyi artırır. Eyni zamanda, iştahanın azalması səbəbindən insanlar əsas qidaları deyil, sadəcə tez doyuran qəlyanaltıları seçirlər ki, bu da bağırsaqların fəaliyyətini zəiflədir.

Dietoloq bildirir ki, bağırsaqlar üçün ən zərərli qidalar arasında fastfud məhsulları, müxtəlif qəlyanaltılar (sneklər), şirin içkilər, şəkərli qidalar, həmçinin yağlı və qızardılmış yeməklər yer alır. Bundan əlavə, yetişməmiş banan, heyva və büzücü təsirə malik xurma növləri də bəzi hallarda qəbizliyi gücləndirə bilər.

Mütəxəssis vurğulayıb ki, yayda bağırsaq sağlamlığını qorumaq üçün rasiona daha çox lifli qidalar və fermentləşdirilmiş məhsullar daxil edilməlidir. Kifayət qədər su içmək və balanslı qidalanma isə həzm sisteminin normal fəaliyyətini təmin edən əsas amillərdir.