Yay aylarında ağcaqanad dişləmələri insanların ən çox qarşılaşdığı narahatlıqlardan biridir. Dişlənən nahiyədə yaranan qaşınma isə əksər hallarda insanları həmin yeri qaşımağa məcbur edir. Lakin mütəxəssislər bunun vəziyyəti daha da ağırlaşdıra biləcəyini bildirirlər.

Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, terapevt-həkim Nadejda Çernışova ağcaqanad dişlədikdən sonra yaranan qaşınmanın səbəbini açıqlayıb.

Onun sözlərinə görə, ağcaqanad qan sorarkən dəriyə yalnız sancmır, eyni zamanda tüpürcəyində olan zülal və peptid tərkibli maddələri də yaraya ötürür. Orqanizm bu maddələrə allergik reaksiyaya bənzər şəkildə cavab verir və nəticədə histamin ifraz olunur. Qaşınmanın əsas səbəbi də məhz histamindir.

Mütəxəssis bildirir ki, dişlənmiş yeri qaşıdıqca daha çox histamin ifraz edilir və qaşınma daha da güclənir. Beləliklə, insan özünü davamlı qaşınma dövrünə salmış olur. Buna görə də həmin nahiyəni qaşımaqdan çəkinmək tövsiyə edilir.

Həkim məsləhət görür ki, ağcaqanad dişləyən yer əvvəlcə soyuq su ilə, mümkün olduqda sabun istifadə etməklə yuyulsun. Daha sonra qaşınmanı azaltmaq üçün həmin nahiyəyə buz qoymaq və ya antihistamin təsirli məlhəmdən istifadə etmək olar.

Ekspert əlavə edib ki, dişlənmiş nahiyəyə yod, sirkə və ya spirt sürtmək düzgün deyil. Bu maddələr dəriyə əlavə qıcıqlanma və hətta kimyəvi yanıq verə bilər. Bəzi insanlar mentollu diş məcunundan istifadə etsələr də, həkimin fikrincə, əksər hallarda sadəcə nahiyəni yumaq, soyutmaq və qaşımamaq kifayət edir. Bu üç qayda qaşınmanın daha tez keçməsinə kömək edir.