Təyyarə ilə səyahət orqanizm üçün müəyyən stress yaradır. Xüsusilə həzm sistemi və ürək-damar sistemi uçuş zamanı yaranan şəraitdən daha çox təsirlənə bilər. Mütəxəssislər bildirirlər ki, uçuşdan əvvəl düzgün qidalanmaq səfərin daha rahat keçməsinə kömək edir.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, dietoloq-həkim Darya Rusakova uçuşdan əvvəl bəzi qidaların qəbulundan çəkinməyi tövsiyə edib.
Onun sözlərinə görə, təyyarədə təzyiq dəyişiklikləri nəticəsində mədə-bağırsaq sistemində olan qazlar genişlənir. Bu isə köp, qarın ağrısı və narahatlıq yarada bilər. Eyni zamanda hərəkətsizliyin artması həzmi ləngidir, salonun quru havası və maye itkisi isə qəbizlik riskini yüksəldir.
Mütəxəssis uçuşdan əvvəl şirin qazlı içkilərdən, yağlı və qızardılmış yeməklərdən, fastfud məhsullarından, paxlalı bitkilərdən, acılı qidalardan, un məmulatlarından, şirniyyatlardan, alkoqollu içkilərdən və kofein tərkibli içkilərdən uzaq durmağı məsləhət görür.
Dietoloq qeyd edib ki, uçuşdan bir-iki saat əvvəl yüngül qəlyanaltı etmək daha məqsədəuyğundur. Tamamilə ac qalmaq da düzgün deyil, çünki aclıq ürəkbulanmanı və ümumi narahatlığı artıra bilər.
Həkim xüsusilə bağırsaq xəstəlikləri olan şəxslərə, hamilə qadınlara, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlara və karbohidrat mübadiləsi pozuntusu olan xəstələrə uçuşdan əvvəl qida qəbuluna daha diqqətlə yanaşmağı tövsiyə edir.
Mütəxəssislərin fikrincə, uçuş öncəsi yüngül və balanslaşdırılmış qidalanma, kifayət qədər su qəbulu və ağır yeməklərdən uzaq durmaq səfərin daha rahat keçməsinə kömək edən əsas amillərdəndir.






