Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mütəxəssislər bildirirlər ki, məhsul seçərkən onun yağlılıq göstəricisinə xüsusi diqqət yetirmək lazımdır.

Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, dietoloq və endokrinoloq Anton Polyakov kərə yağı alarkən yağlılıq dərəcəsi 82,5 faiz olan məhsullara üstünlük verilməsini tövsiyə edib. Onun sözlərinə görə, yağlılıq faizi 72 və ya daha aşağı olan məhsulların seçilməsi məsləhət görülmür.

Mütəxəssis qeyd edib ki, kərə yağının gündəlik qəbul norması 25 qramdan artıq olmamalıdır. Mövcud standartlara əsasən, kərə yağı əsasən üç kateqoriyaya bölünür: 72,5 faiz yağlı "Kəndli", 80 faiz yağlı "Həvəskar" və 82,5 faiz yağlı "Ənənəvi" kərə yağı. Sonuncu növ daha sıx quruluşa, daha zəngin qaymaq dadına malik olur və tərkibində suyun miqdarı nisbətən az olur.

Bununla yanaşı, həkim vurğulayıb ki, piylənmə və artıq çəki problemi olan şəxslər, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, yüksək xolesterin səviyyəsi olan insanlar, eləcə də qaraciyər və öd kisəsi xəstəlikləri olan şəxslər kərə yağının istehlakını məhdudlaşdırmalı və ya həkim tövsiyəsinə uyğun şəkildə qidalanmalıdırlar.