İtaliya mətbəxinin ən məşhur yeməklərindən biri olan pasta dünyanın bir çox ölkəsində sevilərək hazırlanır. Ənənəvi olaraq bu ad buğda unundan və sudan hazırlanan müxtəlif növ makaron məmulatlarına və onlardan bişirilən yeməklərə verilir.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, ev şəraitində hazırlanması asan olan toyuqlu və pomidorlu pasta həm ləzzəti, həm də qidalılığı ilə seçilir.
Lazım olan ərzaqlar:
- 400 qram qısa formalı makaron
- 400 qram toyuq döş əti filesi
- 200 qram çerri pomidoru
- 1 ədəd iri qırmızı soğan
- 6 diş sarımsaq
- 50 ml bitki yağı
- 1 xörək qaşığı kərə yağı
- duz
- təzə üyüdülmüş qara istiot
- süfrəyə vermək üçün sürtgəcdən keçirilmiş pendir
Hazırlanma qaydası
Əvvəlcə toyuq filesini kiçik kub şəklində doğrayın, duz və istiot vurun. İki diş əzilmiş sarımsağı əlavə edib qarışdırın və təxminən 10 dəqiqə saxlayın.
Soğanı nazik dilimlərə, çerri pomidorlarını isə iki hissəyə bölün. Qalan sarımsaqları nazik halqalar şəklində doğrayın.
Makaronu bol duzlu qaynar suda bişirin. Yapışmaması üçün ilk dəqiqələrdə qarışdırmağı unutmayın.
Bu vaxt tavada bitki və kərə yağını qızdırın. Soğanı əlavə edib 2-3 dəqiqə qovurun. Daha sonra toyuq və sarımsağı əlavə edərək güclü odda təxminən 5 dəqiqə bişirin.
Süzülmüş makaronu tavaya əlavə edib bir dəqiqə qarışdırın. Ardınca çerri pomidorlarını əlavə edin, bir qədər də istiot vuraraq daha bir dəqiqə bişirin.
Hazır pastanı isti boşqablara çəkin və üzərinə sürtgəcdən keçirilmiş pendir səpərək süfrəyə təqdim edin.
Mütəxəssislərin sözlərinə görə, əsl İtaliya üslubunda pasta hazırlamaq üçün makaronun həddindən artıq bişirilməməsi və "al dente" – yəni bir qədər diri qalması vacib hesab olunur. Bu üsul yeməyin həm dadını, həm də teksturasını daha cəlbedici edir.






