Saçların normadan artıq tökülməsi müxtəlif sağlamlıq problemlərinin əlaməti ola bilər. Mütəxəssislər bildirirlər ki, saç tökülməsinin xarakteri problemin mənbəyini müəyyənləşdirməyə kömək edir.

Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, dermatoloq-trixoloq Eduard Buçarov saç tökülməsinin bir neçə əsas formasını izah edib.

Mütəxəssisin sözlərinə görə, saçların başın bütün hissələrində bərabər şəkildə seyrəkləşməsi ən çox rast gəlinən hallardandır. Bu vəziyyət güclü stress, yaxın zamanda keçirilmiş xəstəlik, sərt pəhrizlər, ağır fiziki məşqlər, hormonal dəyişikliklər və ya vitamin çatışmazlığı ilə əlaqəli ola bilər. Belə halların əksəriyyətində saçların yenidən bərpası mümkündür.

İkinci halda saçlar əsasən alın və təpə nahiyəsində tökülür, başın yan və arxa hissələrində isə qalır. Bu vəziyyət androgenetik alopesiya adlanır. Xəstəliyin yaranmasında kişi hormonları və saç follikullarının bu hormonlara həddindən artıq həssaslığı mühüm rol oynayır. Bu problem kişilərdə daha çox müşahidə olunsa da, qadınlarda da saçların ciddi şəkildə nazilməsi ilə özünü göstərə bilər. Həkim bildirir ki, müalicə aparılmadıqda bu forma tədricən irəliləyir və sonradan saçların bərpası çətinləşə bilər.

Üçüncü halda isə saçlar ayrı-ayrı ocaqlar şəklində tökülür və baş dərisində aydın görünən keçəl sahələr yaranır. Bu, çox vaxt immun sisteminin saç follikullarına hücum etməsi ilə əlaqədar olur. Bəzən isə səbəb seboreya, Psoriaz və ya göbələk infeksiyaları kimi dəri xəstəlikləri ola bilər. Göbələk infeksiyaları zamanı saçlar təkcə tökülmür, həm də kök hissəsindən qırıla bilir. Lakin düzgün müalicədən sonra onların yenidən uzanması mümkündür.

Trixoloq vurğulayır ki, saç tökülməsi müşahidə olunduqda özbaşına müalicəyə başlamaq və ya internetdə diaqnoz axtarmaq düzgün deyil. Problemin səbəbini müəyyən etmək üçün mütləq mütəxəssis müayinəsindən keçmək lazımdır. Həkim xüsusi avadanlıqla baş dərisini qiymətləndirir, lazım gəldikdə analizlər təyin edir və bundan sonra uyğun müalicə planı hazırlayır.