Şokolad təkcə sevilən şirniyyat deyil, həm də beyin fəaliyyətinə müsbət təsir göstərə bilən məhsullardan biridir. Mütəxəssislər bildirirlər ki, düzgün miqdarda istehlak edildikdə şokolad yaddaşı gücləndirməyə və zehni fəaliyyəti dəstəkləməyə kömək edə bilər.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, psixoloq və koqnitiv davranış terapiyası üzrə mütəxəssis Elen Xaçatryan şokoladı beyin üçün ən faydalı şirniyyatlardan biri adlandırıb.
Onun sözlərinə görə, şokoladın tərkibində olan flavonoidlər koqnitiv funksiyaların yaxşılaşmasına kömək edir. Aparılan araşdırmalar göstərir ki, bu maddələr öyrənmə qabiliyyətini artırır, yaddaşı möhkəmləndirir və yaşla əlaqədar yaranan zehni geriləmələrin qarşısının alınmasına dəstək verir.
Mütəxəssis qeyd edib ki, şokolad beyində qan dövranını da stimullaşdırır. Bunun nəticəsində beyin hüceyrələri daha çox oksigen və qida maddələri alır. Bu isə diqqətin cəmlənməsini asanlaşdırır, informasiyanın daha sürətli emalına və uzun müddət diqqətin qorunmasına şərait yaradır.
Kakao dənələrinin tərkibində olan tirozin, feniletilamin və teobromin kimi maddələr də emosional vəziyyətə təsir edən neyromediatorların yaranmasında iştirak edir. Bu birləşmələr endorfin və dopamin ifrazını stimullaşdıraraq insanın əhvalını yüksəldə, motivasiyasını artıra və emosional tarazlığı dəstəkləyə bilər.
Bununla yanaşı, psixoloq şokoladın həddindən artıq istehlak edilməməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, əlavə şəkərin miqdarı gündəlik qida rasionunun 10 faizindən çox olmamalıdır.
Elen Xaçatryan şəkərsiz saqqızın da beyin üçün faydalı ola biləcəyini qeyd edib. Mütəxəssis bildirir ki, təkrarlanan çeynəmə hərəkətləri sakitləşdirici təsir göstərir, stressi azaltmağa kömək edir və emosiyaların daha yaxşı idarə olunmasına şərait yaradır.






