Qidalanmada müxtəlifliyin olmaması təkcə fiziki sağlamlığa deyil, beyin funksiyalarına da təsir göstərə bilər. Foodinfo.az bildirir ki, mütəxəssislər uzun müddət eyni qidaların qəbul edilməsinin orqanizmdə müəyyən qida maddələrinin çatışmazlığına səbəb ola biləcəyini qeyd edirlər. Bu isə sinir sisteminin fəaliyyətinə dolayı yolla təsir edir.

Araşdırmalara görə, beynin normal işləməsi üçün müxtəlif vitaminlər, minerallar və yağ turşuları vacibdir. Eyni menyu ilə qidalanmaq bu maddələrin balanssız alınmasına gətirib çıxara bilər. Nəticədə diqqət zəifləyə, yaddaşda çətinliklər yarana və ümumi zehni yorğunluq hiss oluna bilər. Alimlər xüsusilə Omeqa-3 yağ turşularının və B qrup vitaminlərinin əhəmiyyətini vurğulayırlar.

Mütəxəssislər bildirirlər ki, rəngarəng qidalanma həm fiziki, həm də zehni sağlamlığın qorunmasında əsas rol oynayır. Müxtəlif tərəvəzlər, meyvələr, zülal mənbələri və taxıl məhsullarının balanslı şəkildə qəbul edilməsi tövsiyə olunur. Həkimlər qida rasionunun mütəmadi dəyişdirilməsini sağlam həyat tərzinin vacib hissəsi hesab edirlər.