Yay aylarında havanın temperaturunun yüksəlməsi qida məhsullarında bakteriyaların daha sürətli çoxalmasına səbəb olur. Bu da qida zəhərlənmələrinin sayının artmasına gətirib çıxarır.
Foodinfo.az xarici mənbələrə istinadla xəbər verir ki, mütəxəssislər yay mövsümündə bəzi məhsullara qarşı daha diqqətli olmağı tövsiyə edirlər.
Ən riskli qidalar sırasında mayonezli salatlar, kremli şirniyyatlar, süd məhsulları, dəniz məhsulları və bişmiş ət yeməkləri yer alır. Bu məhsullar isti şəraitdə qaldıqda bakteriyalar üçün əlverişli mühit yaradır.
Ekspertlər küçə şəraitində satılan qidaların da xüsusi risk daşıdığını bildirirlər. Saxlanma temperaturuna düzgün əməl edilmədikdə məhsullar qısa müddətdə təhlükəli hala gələ bilər.
Mütəxəssislər qida məhsullarının soyuducuda saxlanmasını, istifadə müddətinə diqqət yetirilməsini və açıq havada uzun müddət qalmış yeməklərin istehlak edilməməsini tövsiyə edirlər.






