Baytarlıq aptekində və anbarda döşəmə, tavan və divarlar hamar səthli və açıq rəngdə olmaqla, yuyucu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı olmalıdır. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər”də bildirilir. Tələblərdə qeyd olunur ki, əl-üz yuyan və digər santexnika avadanlıqlarının quraşdırıldığı yerlərdə divarlar rütubətə davamlı materiallarla örtülməlidir.

 Foodinfo.az xəbər verir ki, həmçinin baytarlıq aptekində və anbarda asma tavanların istifadəsinə icazə verilir. Asma tavanlar asan təmizlənən və dezinfeksiya edilə bilən materialdan hazırlanmalıdır. Baytarlıq preparatları və vasitələrinin, o cümlədən heyvanlara qulluq əşyalarının saxlanılması və qorunmasını təmin etmək üçün baytarlıq aptekləri və anbarları avadanlıq, mebel və rəflərlə təmin olunmalıdır. Avadanlıqlar, mebellər və digər ləvazimatlar yuyucu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallardan hazırlanmış gigiyenik örtüyə malik olmalıdır. Eləcə də baytarlıq aptekində və anbarda baytarlıq preparatlarının saxlanması bölməsində narkоtik vasitələr, psiхоtrоp maddələr və onların prekursorları, güclü təsiredici baytarlıq preparatlarının saxlanılması üçün xüsusi ayrılmış yer, seyf və ya qıfıllı dəmir dolablar təşkil olunmalıdır.

Təmirə ehtiyacı olan avadanlıq, mebel və qurğular dərhal dəyişdirilməli və ya təmir edilməli, yararsız hala düşənlər isə istismardan çıxarılmalıdır.