Ət satışı müəssisəsinə daxil olan və üzərində baytarlıq nişanlanması olmayan heyvan və quş cəmdəkləri və ya müşaiyətedici baytarlıq sənədlərində (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) uyğunsuzluq aşkar edilən ət və ət məhsulları satış üçün qəbul olunmamalıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən ”Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, ət və ət məhsullarının satışı zamanı soyuducu vitrinin temperaturu +2 ÷ +6°C, ətin soyudulması və uzun müddətli saxlanması üçün dondurucuların temperaturu isə -2 ÷ 0°C olmalıdır. Təzə ət 0 ÷ +2°C -də 1 sutka; -2 ÷ 0°C -də 16 sutka; -3 ÷ -2°C -də 20 sutkaya qədər saxlanıla bilər. Ət və ət məhsulları su keçirməyən, paslanmayan, asan yuyulan və dezinfeksiya ediləbilən qablarda saxlanmalı və daşınmalıdır. Ət və ət məhsullarının satışı zamanı çiy ətin digər hazır məhsullarla birgə saxlanılmasına yol verilmir. Sub məhsullar digər ət və ət məhsullarından ayrı soyuducu və dondurucularda saxlanılmalıdır. Bu məhsullar yalnız qablaşdırılmış halda olduqda digər ət və ət məhsulları ilə eyni soyuducuda saxlanıla bilər.