Qida məhsullarında yaranan kif hər zaman eyni dərəcədə təhlükəli olmur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bəzi hallarda onun istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, dietoloq Nuriya Dianova kifin təsirinin məhsulun növündən və insanın sağlamlıq vəziyyətindən asılı olduğunu bildirib. Onun sözlərinə görə, sağlam insanlarda kif qəbul edildikdə yüngül həzm pozğunluğu yarana bilər, lakin uşaqlarda bu, allergik reaksiyalar və ya güclü ishala səbəb ola bilər.
Mütəxəssis qeyd edir ki, xüsusilə yumşaq və tez xarab olan məhsullarda – süd məhsulları, yumşaq pendirlər, meyvə və tərəvəzlərdə kif sürətlə yayılır və görünməyən hissələrdə də inkişaf edir. Bu zaman kifin yaratdığı mikotoksinlər qida zəhərlənməsinə, nadir hallarda isə böyrək və immun sistemi problemlərinə gətirib çıxara bilər. Buna görə belə məhsullar tamamilə atılmalıdır.
Eyni zamanda bəzi hallarda “nəcib kif” adlandırılan növlər qida sənayesində xüsusi olaraq istifadə olunur. Məsələn, Penicillium roqueforti mavi kifli pendirlərin hazırlanmasında tətbiq edilir və məhsula özünəməxsus dad verir. Həmçinin Penicillium camemberti kimi növlər brie və kamamber kimi pendirlərdə istifadə olunur və təhlükəli hesab edilmir.
Bununla belə, mütəxəssislər xəbərdarlıq edir ki, kif görünən məhsulları “təmizləyib” istifadə etmək hər zaman təhlükəsiz deyil. Xüsusilə yumşaq və məsaməli qidalarda kif dərin qatlara nüfuz etdiyindən belə məhsulların istifadəsi məsləhət görülmür. Qida təhlükəsizliyini qorumaq üçün tez xarab olan məhsulları uzun müddət saxlamamaq və ən kiçik şübhə zamanı onları istifadə etməmək tövsiyə olunur.






