Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər il təsərrüfat sahələrində və meyvə bağlarında fitosanitar vəziyyətin qiymətləndirilməsi, zərərli orqanizmlərin vaxtında aşkarlanması və risklərin minimuma endirilməsi məqsədilə “Milli Monitorinq Planı” hazırlanır. Bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən ölkənin müxtəlif bölgələrindəki bitkiçilik təsərrüfatlarında, o cümlədən alça bağlarında mütəmadi monitorinqlər aparılır, bitkilərin inkişaf mərhələsi, xəstəlik və zərərvericilərin yayılma ehtimalı təhlil olunur.
Foodinfo.az xəbər verir ki, monitorinqlər zamanı karantin tətbiq edilən, habelə məhsuldarlığa təhlükə törədən digər zərərli orqanizmlər aşkar edildiyi halda, dərhal zəruri fitosanitar tədbirlərin görülməsi barədə qərarlar qəbul edilir və aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə onların icrası təmin olunur.
2026-cı ildə alça təsərrüfatlarında mövsümün yeni başlaması ilə əlaqədar monitorinqlərə başlanılıb və sahələrdə mütəmadi müşahidələr aparılır. Bugünədək aparılan ilkin müşahidələr və toplanmış məlumatlar əsasında hazırkı mərhələdə hər hansı zərərli orqanizm aşkarlanmayıb.






