Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zərərli orqanizmlərin ölkə ərazisində vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq istixanalarda fitosanitar monitorinqlər davam etdirilir. Foodinfo.az-ın məlumatına görə,  monitorinqlər çərçivəsində Agentliyin Qarabağ regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Bərdə rayonunun Şatırlı və Yenidaşkənd, Tərtər rayonunun isə Soyulan kəndləri ərazisində yerləşən istixanalarda, Quba-Xaçmaz regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən isə Xaçmaz rayonunun Tağaroba kəndi ərazisindəki “RK AGRO” MMC-yə məxsus istixanada fitosanitar müşahidələr aparılıb. Müşahidələr zamanı nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində hər hansı uyğunsuzluq halı müəyyən edilməyib. Monitorinq zamanı təsərrüfat sahibləri ilə təsərrüfatda çalışan işçilər pomidorun əsas xəstəlik və zərərvericiləri haqqında məlumatlandırılıb. Həmçinin onlara “İstixanalarda zərərli orqanizmlərin idarə olunmasına dair Təlimat”da göstərilən tədbirlərin icrası və pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar müvafiq istiqamət verilib. [gallery ids="53360,53361,53362,53363"]