Qarabaşaq və göbələk uzun illərdir sağlam və pəhriz yeməyi kimi qəbul olunur. Lakin bu məşhur kombinasiya bəzi insanlar üçün gözlənilməz həzm problemlərinə səbəb ola bilər. Foodinfo.az Life.ru saytına istinadla xəbər verir ki, diyetoloq Yelena Solomatina bu yeməyin riskləri barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, əsas risk göbələklərlə bağlıdır. Göbələklərin tərkibində olan bitki mənşəli zülal heyvani zülalla müqayisədə daha çətin mənimsənilir. Bundan əlavə, onların tərkibindəki xitin maddəsi demək olar ki, insan orqanizmində həzm olunmur. Əgər göbələklər kifayət qədər xırdalanmayıbsa və ya düzgün bişirilməyibsə, onlar həzm sistemindən fayda vermədən keçə bilər.
Bununla belə, xitin müəyyən müsbət təsirə də malikdir — o, sorbent kimi çıxış edərək toksinləri, artıq yağları və şəkərləri bağlayaraq orqanizmdən çıxarmağa kömək edir. Lakin problem ondadır ki, həm qarabaşaq, həm də göbələk kobud liflə zəngindir və bu, həzm sisteminə əlavə yük yaradır.
Mütəxəssis bildirir ki, bağırsaqlarda iltihab, mikroflora pozğunluğu və ya həzm zəifliyi olan insanlarda bu cür lifli qidalar köp, ağırlıq və narahatlıq yarada bilər. Bu zaman qida tam həzm olunmur, fermentasiya prosesləri başlayır və nəticədə qarında “daş kimi ağırlıq” hissi yaranır.
Sağlam insanlarda isə bu yemək adətən ciddi problem yaratmır, lakin yenə də yaxşı çeynəmək və düzgün bişirmə vacibdir. Xüsusilə mədəaltı vəzi və bağırsaq xəstəlikləri olanlara göbələyi ya tam məhdudlaşdırmaq, ya da çox xırdalanmış və bişmiş formada qəbul etmək tövsiyə olunur.






