Arıqlamaq istəyən insanların bir çoxu müxtəlif üsullara əl atır, lakin bəzi yanaşmalar gözlənilməz risklər yarada bilər. Xüsusilə uzun müddət ac qalmaq orqanizm üçün düşündüyünüz qədər təhlükəsiz olmaya bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislər uzun fasilələrlə qidalanmanın sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirirlər. Dietoloq Oksana Dmitriyevanın sözlərinə görə, bir çoxlarının seçdiyi interval aclıq üsulu bəzən faydadan çox zərər gətirə bilər.

Ekspert qeyd edir ki, arıqlamağın əsas prinsipi kalori defisiti və müntəzəm fiziki aktivlikdir. Lakin 16 saat və ya daha çox ac qalmaq orqanizmdə həm enerji, həm də qlükoza çatışmazlığı yaradır. Halbuki qlükoza xüsusilə beyin hüceyrələri üçün əsas enerji mənbəyidir.

Uzun müddət qida qəbul etməmək nəticəsində beyin normal fəaliyyət göstərə bilmir. Bu isə yaddaş zəifləməsi, diqqət dağınıqlığı və düşünmə qabiliyyətinin azalması kimi problemlərə səbəb ola bilər.

Mütəxəssislər tövsiyə edir ki, gün ərzində qidalanma daha balanslı qurulmalı, təxminən hər 3 saatdan bir yüngül qidalar qəbul edilməlidir. Bu yanaşma həm metabolizmin stabil işləməsinə, həm də ümumi sağlamlığın qorunmasına kömək edir.