Sağlam qidalanma üçün hazırlanan tərəvəz salatlarında bəzi məhsulların uyğunluğu düşündüyümüz qədər faydalı olmaya bilər. Mütəxəssislər bildirirlər ki, geniş yayılmış bəzi qida vərdişləri həzm sisteminə əlavə yük yarada bilər.
Foodinfo.az Абзац saytına istinadla xəbər verir ki, dietoloq və nutrisioloq Yelena Syurakşina xiyar və pomidorun eyni salatda birlikdə istifadəsinin hər kəs üçün uyğun olmadığını bildirib.
Ekspertin sözlərinə görə, hər iki tərəvəz yüksək miqdarda su və lif ehtiva edir. Bu səbəbdən onların birlikdə həddindən artıq qəbul olunması bəzi insanlarda həzm narahatlığı yarada bilər.
Mütəxəssis qeyd edib ki, xiyar və pomidorun ayrı-ayrılıqda qəbul edilməsi daha məqsədəuyğun hesab olunur. Onun fikrincə, bu məhsullar arasında ən azı 30 dəqiqə fasilə saxlanılması həzm sisteminin işinə müsbət təsir göstərə bilər.
Yelena Syurakşina bildirib ki, xiyar və pomidor həm göyərti, həm ət məhsulları, həm də qarabaşaq və düyü kimi karbohidrat mənbələri ilə daha uyğun kombinasiya təşkil edir.
Ekspert salat sousları ilə bağlı da xəbərdarlıq edib. Həkimlərin fikrincə, pomidor-xiyar qarışığını mayonezlə hazırlamaq sağlam seçim hesab olunmur. Bu halda xama və ya bitki yağı daha uyğun alternativ sayılır.
Mütəxəssislər balanslı qidalanma zamanı yalnız məhsulların faydasına deyil, onların bir-biri ilə uyğunluğuna da diqqət yetirilməsinin vacib olduğunu vurğulayırlar.






