Bir çox insan quzu ətini ağır və yağlı qida hesab etsə də, mütəxəssislər onun orqanizm üçün bir sıra mühüm faydaları olduğunu bildirirlər. Xüsusilə qanazlığı, halsızlıq və enerji çatışmazlığı yaşayan şəxslər üçün bu ət faydalı məhsullardan sayılır.

Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, bu barədə nutricioloq Olqa Yablokova danışıb.

Mütəxəssisin sözlərinə görə, quzu əti hemoqlobin üçün vacib olan dəmirlə zəngindir. Bildirilir ki, bu göstəriciyə görə quzu əti donuz ətini təxminən 30 faiz üstələyir. Bu isə məhsulu qanazlığı və xroniki yorğunluq yaşayan insanlar üçün faydalı edir.

Ekspert qeyd edib ki, quzu ətinin tərkibində B qrupu vitaminləri, xüsusilə B12 və B6 vitaminləri də çoxdur. Bu maddələr sinir sisteminin normal fəaliyyətinə kömək edir və qidanın enerjiyə çevrilməsində mühüm rol oynayır.

Bundan başqa, 100 qram quzu ətində təxminən 25 qram keyfiyyətli zülal olduğu vurğulanıb. Bu isə əzələ kütləsinin qorunmasına və uzun müddət toxluq hissinin yaranmasına kömək edir.

Nutricioloq quzu ətinin əsas üstünlüklərindən birinin də L-karnitin maddəsi olduğunu bildirib. Onun sözlərinə görə, bu maddə yağ turşularının enerji istehsalı üçün hüceyrələrə daşınmasında iştirak edir və ürəklə beyin fəaliyyətinə müsbət təsir göstərir.