Qaraciyər orqanizmdə maddələr mübadiləsinin düzgün işləməsində mühüm rol oynayan əsas orqanlardan biridir. Yanlış qidalanma, stress, spirtli içkilər və bəzi dərmanlar qaraciyərin fəaliyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislər isə gündəlik rasiona bəzi faydalı məhsulların əlavə edilməsini tövsiyə edirlər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, qaraciyərin sağlamlığını qorumağa kömək edən əsas qidalardan biri balqabaqdır. Balqabağın tərkibində olan A vitamini, omeqa 3 və omeqa 6 yağ turşuları qaraciyər hüceyrələrinin qorunmasına və bərpasına dəstək verir. Həmçinin liflə zəngin olması həzmi yaxşılaşdırır və öd ifrazını stimullaşdırır.
Çuğundur da qaraciyər üçün faydalı məhsullar sırasında göstərilir. Bu tərəvəz A və B qrup vitaminləri ilə zəngindir. Tərkibindəki lif öd yollarının fəaliyyətini aktivləşdirərək öd durğunluğunun qarşısını almağa kömək edir.
Mütəxəssislər albalı, moruq və zoğal kimi qırmızı giləmeyvələrin də qaraciyər hüceyrələrinin yenilənməsinə müsbət təsir etdiyini bildirirlər. Bu meyvələrin tərkibində olan antioksidantlar və vitaminlər qaraciyərin müxtəlif zədələnmələrdən qorunmasına kömək edir.
Yaşıl çay da qaraciyər üçün ən faydalı içkilərdən hesab olunur. Onun tərkibindəki antioksidant maddələr iltihabın azalmasına, “pis” xolesterinin aşağı düşməsinə və qaraciyərin piylənməsinin qarşısının alınmasına dəstək verir.
Qaraciyəri qoruyan məhsullar arasında sarıkök də xüsusi yer tutur. Tərkibindəki faydalı maddələr güclü antioksidant və iltihab əleyhinə təsir göstərərək qaraciyər hüceyrələrini toksinlərin mənfi təsirindən qorumağa kömək edir.






