Mütəxəssislər bildirirlər ki, bəzi sadə məhsullar artıq çəki ilə mübarizədə gözlənilməz dərəcədə faydalı ola bilər. Onlardan biri də xardaldır.
Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, bu barədə məşqçi-nutricioloq Yuri Brabeçan məlumat verib.
Ekspertin sözlərinə görə, xardal müalicəvi vasitə deyil və hər yeməkdə istifadə olunmamalıdır. Lakin o, yüksək kalorili mayonezi əvəz etmək üçün yaxşı seçim hesab olunur və arıqlamaq istəyən insanlar üçün faydalı ola bilər.
Mütəxəssis xardalın yunan yoqurtu və göyərti ilə qarışdırılmasını tövsiyə edib. Hazırlanan sousun salatlar, toyuq əti, hinduşka, tuna balığı, kartof və yumurta ilə uyğun olduğu bildirilib.
Nutricioloq sağlam insan üçün təhlükəsiz gündəlik normanın iki çay qaşığından artıq olmamasını vurğulayıb.
Bununla yanaşı, xardalın bəzi insanlara zərər verə biləcəyi də qeyd olunub. Bildirilib ki, mədə və onikibarmaq bağırsaq yarası, turşuluğu yüksək olan qastrit, enterokolit və böyrək iltihabı olan şəxslər bu məhsuldan uzaq durmalıdır.
Həmçinin reflüks və tez-tez mədə yanması yaşayan insanlarda acı qidaların narahatlığı artıra biləcəyi diqqətə çatdırılıb.






