Səhər yeməyinin faydası ilə bağlı fikirlər müxtəlifdir. Bəzi mütəxəssislər hesab edir ki, əsas məsələ yeməyin vaxtı deyil, gün ərzində qəbul olunan kaloridir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, araşdırmalar səhər yeməyini mütəmadi ötürməyin orqanizmin bioloji ritminə və həzm sisteminə mənfi təsir göstərə biləcəyini göstərib. Mütəxəssislərin sözlərinə görə, səhər yeməyinin nahara qədər gecikdirilməsi çəki artımı və karbohidrat mübadiləsinin pozulması riskini artırır.
Yaponiyada aparılan tədqiqatlarda müəyyən olunub ki, səhər yeməyindən imtina həm qidalanma davranışına, həm də yuxunun keyfiyyətinə təsir edir. ABŞ alimləri isə bildiriblər ki, qeyri-müntəzəm qidalanma və səhər yeməyini ötürmək gün ərzində daha çox kalori qəbuluna səbəb olur.
Mütəxəssislər əsas kalorinin günün ilk yarısında qəbul edilməsini tövsiyə edirlər. Axşam saatlarında ağır yeməklər yemək isə həm yuxuya, həm də əhvala mənfi təsir göstərə bilər.
Həkimlərin fikrincə, ideal səhər yeməyində zülal, yağ, mürəkkəb karbohidrat və lif olmalıdır. Yumurtа, balıq, kəsmik, tərəvəz, meyvə, yulaf, qarabaşaq və qoz-fındıq səhər yeməyi üçün uyğun seçimlər hesab olunur.
Mütəxəssislər səhərlər şirniyyat, bulkalar və şəkərli şirələrin qəbulunu məsləhət görmürlər. Onların sözlərinə görə, bu məhsullar qanda şəkərin sürətlə artmasına, daha sonra isə yorğunluq və aclıq hissinin yaranmasına səbəb olur.
Həmçinin qeyd olunur ki, qəhvəni yeməklə birlikdə deyil, səhər yeməyindən bir qədər əvvəl və ya sonra içmək daha faydalıdır. Bu, bəzi vitamin və mineralların orqanizm tərəfindən mənimsənilməsinə mane olmur.






