Bildirçin yumurtası uzun illərdir faydalı və bahalı məhsul kimi tanınır. Bir çox insan onu demək olar ki, “super qida” hesab edir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislər bildirçin yumurtasının həqiqətən faydalı olduğunu, lakin ona möcüzəvi məhsul kimi baxılmasının düzgün olmadığını bildirirlər. Onların sözlərinə görə, bu yumurtalarda zülal, vitamin, mineral və yağlar mövcuddur və bu xüsusiyyətlərinə görə toyuq yumurtasına bənzəyir.
Mütəxəssislər qeyd edirlər ki, bildirçin yumurtasında dəmir, sink, A, B2 və B12 vitaminləri daha çoxdur. Eyni zamanda, onun tərkibində yağ və xolesterin də yüksəkdir. Lakin həkimlər bunun həmişə zərərli hesab olunmadığını vurğulayırlar. Yumurtanın sarısında olan lesitin “pis” xolesterinin azalmasına kömək edə bilər.
Bildirilir ki, sağlam insanlar gündə 3-4 bildirçin yumurtası yeyə bilərlər. Xolesterin problemi olan şəxslərə isə qəbul miqdarını həkimlə məsləhətləşmək tövsiyə olunur. Allergiyası olan insanlar da diqqətli olmalıdırlar, çünki toyuq yumurtasına allergiyası olanlarda bildirçin yumurtasına da reaksiya yarana bilər.
Mütəxəssislər çiy bildirçin yumurtası ilə bağlı yayılan fikrin də doğru olmadığını bildirirlər. Belə ki, bəzi insanlar bildirçinlərin salmonella daşımadığına inansa da, bu fikir mif hesab olunur. Quşlar xəstəliyin daşıyıcısı ola bildiyi üçün çiy və ya yaxşı bişməmiş yumurtalar infeksiya riski yarada bilər.
Qeyd olunur ki, bildirçin yumurtası faydalı məhsul olsa da, insanı daha sağlam və uzunömürlü edəcək “super qida” hesab edilmir. Həkimlər sağlamlığın əsasının ümumi düzgün qidalanma vərdişlərindən asılı olduğunu vurğulayırlar.
Mütəxəssislər bildirçin yumurtasının 0 ilə +8 dərəcə temperaturda təxminən 30 gün saxlanıla biləcəyini də qeyd edirlər. Çatlamış yumurtaların isə dərhal termiki emaldan sonra istifadə olunması tövsiyə edilir.






