Ev şəraitində hazırlanan bişmiş məmulatların ən böyük problemi onların tez quruması və sərtləşməsidir. Mütəxəssislər bildirirlər ki, düzgün texnika və bir neçə sadə əlavə ilə bişmiş məhsulların yumşaqlığını daha uzun müddət saxlamaq mümkündür.
Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, xəmirin keyfiyyəti bişirmənin nəticəsinə birbaşa təsir edir. Yüksək keyfiyyətli unun seçilməsi məhsulun daha yumşaq və elastik olmasına kömək edir. Bundan əlavə, xəmirə az miqdarda nişasta əlavə etmək bişmiş məmulatların tez qurumasının qarşısını alır.
Mütəxəssislər qeyd edirlər ki, bəzi hallarda yağın əvəzinə marqarin istifadə edilməsi də bişmiş məhsulların daha uzun müddət yumşaq qalmasına kömək edir. Bununla yanaşı, xəmirə az miqdarda bal əlavə etmək də mühüm təsir göstərir. Bir qaşıq bal kifayət edir, lakin bu zaman şəkərin miqdarını bir qədər azaltmaq tövsiyə olunur.
Ekspertlərin fikrincə, xəmirə az miqdarda çovdar unu əlavə etmək də məhsulların daha gec qurumasına şərait yaradır. Eyni effektə manka əlavə etməklə də nail olmaq mümkündür, xüsusilə oladilərdə bu üsul geniş istifadə olunur.
Bundan əlavə, xəmir hazırlanarkən südün bir hissəsinin qazlı su ilə əvəz edilməsi də nəticəyə müsbət təsir göstərir. Bu üsul bişmiş məhsulların daha yüngül və həcimli olmasına kömək edir.
Mütəxəssislər hesab edirlər ki, bu sadə kulinariya sirləri ev şəraitində hazırlanan çörək və şirniyyatların həm dadını, həm də teksturasını yaxşılaşdırmağa imkan verir və onların daha uzun müddət təzə qalmasını təmin edir.






