Mətbəxdə ən çox müzakirə olunan məsələlərdən biri də qaynar yeməyin birbaşa soyuducuya yerləşdirilib-yerləşdirilməməsidir. Mütəxəssislər bu mövzu ilə bağlı vacib açıqlamalar veriblər.

Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, qida təhlükəsizliyi üzrə beynəlxalq qurumlar yeməyin otaq temperaturunda uzun müddət saxlanılmasının bakteriyaların çoxalması üçün əlverişli şərait yaratdığını bildirirlər. Buna görə də hazır yeməklərin saatlarla mətbəxdə qalması tövsiyə edilmir.

Alimlərin sözlərinə görə, çox böyük həcmdə qaynar yeməyin birbaşa soyuducuya qoyulması daxildəki temperatur balansını poza bilər. Bu isə digər məhsulların da temperaturunun yüksəlməsinə səbəb ola bilər.

Qida təhlükəsizliyi üzrə ekspert Donald Şaffner bildirib ki, ən doğru üsul yeməyi kiçik hissələrə bölmək və qısa müddət ərzində soyumasına şərait yaratmaqdır. Onun sözlərinə görə, bundan sonra məhsulun soyuducuya yerləşdirilməsi daha təhlükəsiz hesab olunur.

Araşdırmalar göstərir ki, bişmiş qidaların iki saatdan artıq otaq temperaturunda saxlanılması bakterial riskləri artırır. Xüsusilə yay aylarında bu müddət daha da qısa ola bilər.

Mütəxəssislər yeməklərin saxlanılması zamanı qapaqlı qablardan istifadə etməyi və soyuducunun temperaturunu mütəmadi yoxlamağı məsləhət görürlər.

Alimlər hesab edirlər ki, düzgün saxlanma qaydalarına əməl etmək qida zəhərlənmələrinin qarşısının alınmasında mühüm rol oynayır.