Ərik mürəbbəsi hazırlayarkən ən vacib məqamlardan biri şəkərin düzgün miqdarda istifadə olunmasıdır. Şəkərin miqdarı həm mürəbbənin dadına, həm də uzun müddət xarab olmadan saxlanmasına təsir edir.
Foodinfo.az xəbər verir ki, şirin ərik sortları üçün 1 kiloqram meyvəyə 700–800 qram şəkər kifayət edir. Əgər əri turşdursa, 1 kiloqram meyvəyə 1 kiloqram şəkər əlavə etmək daha məqsədəuyğundur. Bu nisbət mürəbbənin həm dadını balanslaşdırır, həm də saxlanma müddətini artırır.
Uzun müddət saxlamaq üçün hazırlanan mürəbbələrdə isə şəkərin miqdarı 1–1,2 kiloqrama qədər artırıla bilər. Bununla belə, həddindən artıq şəkər mürəbbənin çox şirin olmasına səbəb ola bilər.
Mürəbbənin daha dadlı alınması üçün ərik ilə şəkəri bir neçə saat əvvəl qarışdırıb gözlətmək məsləhətdir. Bu zaman meyvə öz şirəsini buraxır və bişirmə zamanı daha gözəl rəng, ətir və konsistensiya əldə edilir.
Düzgün şəkər nisbəti seçildikdə ərik mürəbbəsi həm ləzzətli olur, həm də qış aylarında keyfiyyətini uzun müddət qoruyub saxlayır.






