Yay mövsümünün ən sevilən meyvələrindən olan tutdan hazırlanan mürəbbə həm ləzzəti, həm də xoş ətri ilə süfrələrin bəzəyidir. Foodinfo.az xəbər verir ki, mürəbbənin dadlı və uzun müddət saxlanılması üçün düzgün meyvə seçimi və hazırlanma qaydasına əməl etmək vacibdir.

Tut mürəbbəsi hazırlamaq üçün 1 kiloqram təzə və sağlam tut, 800 qramdan 1 kiloqrama qədər şəkər, həmçinin yarım limonun suyu və ya az miqdarda limon duzu kifayətdir. Şəkərin miqdarı tutun şirinliyindən asılı olaraq tənzimlənə bilər.

Hazırlanarkən ilk olaraq tutlar diqqətlə yuyulur və artıq suyu süzüldükdən sonra geniş qaba qat-qat şəkərlə düzülür. Meyvələrin öz şirəsini buraxması üçün onları 6–8 saat, imkan varsa bir gecə saxlamaq tövsiyə edilir. Bu üsul əlavə suya ehtiyacı aradan qaldırır və mürəbbənin daha ətirli alınmasına kömək edir.

Daha sonra qarışıq orta odda bişirilir. Qaynama zamanı əmələ gələn köpüklər mütəmadi olaraq yığılır. Təxminən 25–35 dəqiqə bişdikdən sonra limon suyu və ya limon duzu əlavə edilir. Bu, mürəbbənin şəkərlənməsinin qarşısını alır və rəngini qorumağa kömək edir.

Hazır mürəbbə sterilizasiya olunmuş şüşə bankalara isti halda doldurulur, qapaqları möhkəm bağlanır və soyuyana qədər tərs vəziyyətdə saxlanılır.

Tut mürəbbəsini hazırlayarkən meyvələri tez-tez qarışdırmaq məsləhət görülmür. Əks halda tutlar əzilə və mürəbbənin görünüşü pozula bilər. Düzgün hazırlanmış tut mürəbbəsi həm dadı, həm də ətri ilə qış aylarında yay meyvələrinin ləzzətini süfrələrə gətirir.