Qidaların bir-biri ilə uyğun olub-olmaması uzun illərdir müzakirə olunan mövzulardan biridir. Bəziləri balıqla südün birlikdə zərərli olduğunu düşünsə də, mütəxəssislər bunun elmi əsasının olmadığını bildirirlər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, dietoloq və tibb elmləri namizədi Natalya Denisovanın sözlərinə görə, nəzəri baxımdan “uyğunsuz məhsul” anlayışı mövcud deyil. O bildirib ki, müxtəlif xalqların mətbəxində fərqli qida birləşmələri normal qəbul olunur. Məsələn, skandinav ölkələrində balıq və süd birlikdə istifadə edilərək şorbalar hazırlanır və bu, orqanizm üçün problem yaratmır.
Ekspert qeyd edib ki, vaxtilə məşhur olan ayrı qidalanma nəzəriyyəsi elmi baxımdan təsdiqlənməyib. Həmin nəzəriyyəyə görə, zülal və karbohidratların birlikdə qəbulu həzm sisteminə zərər verir. Lakin müasir dietoloqlar hesab edir ki, insan orqanizmi müxtəlif növ qidaları eyni anda həzm etməyə qadirdir. Həkim vurğulayıb ki, qarında ağırlıq, ürəkbulanma və digər narahatlıqlar daha çox mədə-bağırsaq xəstəlikləri ilə əlaqəli olur.
Bununla yanaşı, bəzi məhsulların birlikdə istifadəsi faydalı maddələrin daha yaxşı mənimsənilməsinə kömək edir. Məsələn, ət və göyərti uğurlu qida kombinasiyası hesab olunur. Çünki göyərtidəki C vitamini ətin tərkibində olan dəmirin sorulmasını artırır. Dietoloq əlavə edib ki, qəhvə və ya çayın südlə birlikdə qəbulu isə kalsiumun mənimsənilməsini zəiflədə bilər. Buna səbəb içkilərdəki tanin maddələridir. Ancaq mütəxəssis bunun ciddi təhlükə yaratmadığını və sevilən qidalardan tam imtina etməyə ehtiyac olmadığını bildirib.






