Sağlam və uzun ömür sürmək hər kəsin arzusudur. Mütəxəssislər bildirir ki, gündəlik qidalanma vərdişləri bu prosesdə həlledici rol oynayır. Xüsusilə bəzi məhsulların seçimi vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, endokrinoloq Zuhra Pavlova emal olunmuş ət məhsullarının əvəzinə xırda dəniz balıqlarının istehlakını tövsiyə edir. Onun sözlərinə görə, ançous, sardina, siyənək və moyva kimi balıqlar kalsium, B12 vitamini və omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.
Araşdırmalar göstərir ki, qidalanmada emal olunmuş ətin müəyyən hissəsini bu növ balıqlarla əvəz etmək uzunmüddətli perspektivdə böyük nəticələr verə bilər. Hesablamalara görə, belə dəyişikliklər sayəsində dünyada hər il yüz minlərlə insanın vaxtından əvvəl ölümünün qarşısı alına bilər.
Ekspert qeyd edir ki, qəbul edilən emal olunmuş ətin cəmi 8 faizini balıqla əvəz etmək ürək-damar xəstəliklərindən ölüm hallarını əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə, insult, 2-ci tip diabet və bağırsaq xərçəngi riskində də müəyyən eniş müşahidə olunur.
Bununla belə, mütəxəssis qırmızı ətin tamamilə rasiondan çıxarılmasını tövsiyə etmir. Onun sözlərinə görə, düzgün hazırlanmış — bişmiş, qaynadılmış və ya sobada hazırlanmış qırmızı ət həftədə 1-2 dəfə istehlak oluna bilər. Digər günlərdə isə balıq, dəniz məhsulları və ağ ətə üstünlük vermək daha faydalıdır.






