Göyərtilərin tez solması bir çox evdə rast gəlinən problemdir, lakin düzgün saxlama üsulları ilə onların təzəliyini günlərlə qorumaq mümkündür. Mütəxəssislər bildirir ki, sadə qaydalara əməl etməklə cəfəri, şüyüd və kahı kimi məhsulları daha uzun müddət istifadəyə yararlı saxlamaq olar. Foodinfo.az Doctorpiter nəşrinə istinadla xəbər verir ki, xüsusilə yarpaq tipli göyərtilər rütubət balansına həssas olduqları üçün tez xarab olur.
Ekspertlərin sözlərinə görə, əsas problem soyuducuda kifayət qədər düzgün rütubət səviyyəsinin olmamasıdır. Göyərtilər həm nəmliyə ehtiyac duyur, həm də artıq su onların çürüməsinə səbəb ola bilər. Buna görə də optimal saxlama üsulu həm rütubəti qorumaq, həm də artıq nəmi uzaqlaşdırmaqdan ibarətdir.
Mütəxəssislər göyərtiləri saxlamaq üçün zip paketlərdən istifadə etməyi tövsiyə edir. Bunun üçün əvvəlcə yarpaqları saplardan ayırmaq, sonra isə onları kağız dəsmallarla birlikdə paketə yerləşdirmək lazımdır. Kağız dəsmallar artıq nəmi özünə çəkərək yarpaqlarda selikli qatın yaranmasının qarşısını alır. Bu üsul sayəsində göyərtilər soyuducuda təxminən bir həftə ərzində təzə qala bilər.






