Qırmızı ət yüksək keyfiyyətli zülal, dəmir, sink və B12 vitamini ilə zəngin qida məhsuludur. Qırmızı ətin sağlam qidalanmada yeri olsa da, onun miqdarı və qəbul tezliyi balanslı olmalıdır.
Foodinfo.az xəbər verir ki, qırmızı ət həftədə 1–2 dəfə, ümumilikdə isə təxminən 350–500 qram bişmiş (və ya 500–700 qram çiy) miqdarda istehlak edilə bilər. Bu miqdarı aşmamaq ürək-damar sağlamlığının və ümumi sağlamlığın qorunması baxımından məqsədəuyğun hesab olunur.
Dietoloqlar emal olunmuş ət məhsullarının (kolbasa, sosiska, hisə verilmiş ətlər və s.) mümkün qədər az istehlak edilməsini tövsiyə edirlər. Çünki bu məhsulların tez-tez qəbulu bəzi xroniki xəstəliklərin riskinin artması ilə əlaqələndirilir.
Qırmızı əti bişirərkən qaynatma, sobada bişirmə və ya qril kimi daha sağlam üsullara üstünlük verilməsi məsləhətdir. Yeməyin yanında bol tərəvəz, tam taxıllar və paxlalı məhsulların olması isə qidalanmanın balansını artırır.
Sağlam qidalanmanın əsas prinsipi müxtəliflikdir. Qırmızı ətlə yanaşı, həftə ərzində balıq, toyuq, yumurta və paxlalılar kimi digər zülal mənbələrinin də menyuda yer alması orqanizmin ehtiyac duyduğu qida maddələrinin daha balanslı şəkildə təmin olunmasına kömək edir.






