Yeməkdən sonra qısa müddətli gəzintinin sağlamlığa faydaları ilə bağlı yeni araşdırmalar alimlərin diqqətini cəlb edib. Mütəxəssislər bildirirlər ki, bu sadə vərdiş təkcə həzmi yaxşılaşdırmır, həm də ürək-damar sağlamlığının qorunmasına və uzunömürlülüyə müsbət təsir göstərə bilər.

Foodinfo.az “The Conversation” nəşrinə istinadla xəbər verir ki, son elmi araşdırmalar yeməkdən sonra 10-15 dəqiqəlik yüngül gəzintinin qanda şəkərin səviyyəsinin daha sabit qalmasına kömək etdiyini göstərib. Bu təsir xüsusilə artıq çəkidən əziyyət çəkən və ya diabet riski yüksək olan insanlar üçün əhəmiyyətli hesab edilir.

ABŞ-ın qidalanma və metabolizm üzrə mütəxəssisi Christopher Damman bildirib ki, yeməkdən sonra hərəkət etmək orqanizmin qəbul edilən qidanı daha səmərəli emal etməsinə şərait yaradır. Onun sözlərinə görə, əzələlərin fəaliyyəti qlükozanın qandan hüceyrələrə daşınmasını sürətləndirir və bu da qan şəkərində kəskin yüksəlişlərin qarşısını alır.

Araşdırmalar göstərir ki, gün ərzində müntəzəm qısa gəzintilər edən insanlarda ürək xəstəlikləri və vaxtından əvvəl ölüm riski daha aşağı olur. Alimlər hesab edirlər ki, fiziki aktivliyin davamlı şəkildə artırılması uzun müddətdə sağlam qocalma prosesinə müsbət təsir göstərir.

Yaponiyada aparılan müşahidələr də yeməkdən sonra yüngül hərəkətin həzm sisteminin işini yaxşılaşdırdığını ortaya qoyub. Mütəxəssislərin fikrincə, qidalanmadan dərhal sonra uzanmaq və ya uzun müddət oturmaq mədədə ağırlıq hissi, köp və reflüks kimi problemlərin yaranma ehtimalını artıra bilər.

Böyük Britaniyalı dietoloq Frankie Phillips qeyd edir ki, yeməkdən sonra intensiv idmanla məşğul olmaq tövsiyə edilmir. Onun sözlərinə görə, ən yaxşı seçim sakit tempdə piyada gəzməkdir. Belə gəzinti həm həzmi dəstəkləyir, həm də insanın özünü daha enerjili hiss etməsinə kömək edir.

Mütəxəssislər hesab edirlər ki, sağlam həyat tərzi üçün böyük dəyişikliklər etmək hər zaman vacib deyil. Bəzən gündəlik rejimə əlavə edilən 10-15 dəqiqəlik sadə gəzinti uzun müddətdə gözləniləndən daha böyük fayda verə bilər.

Alimlər vurğulayırlar ki, balanslı qidalanma, kifayət qədər yuxu və müntəzəm fiziki aktivliklə birlikdə yeməkdən sonra gəzinti də sağlam və uzun ömür üçün faydalı vərdişlərdən biri hesab olunur.