Son illərdə alıcıların məhsul seçimi zamanı qiymət və görünüşlə yanaşı, onun harada və necə istehsal olunmasına da marağı artıb. Mütəxəssislər bildirirlər ki, bu tendensiya qida bazarında yeni yanaşmaların formalaşmasına səbəb olur.

Foodinfo.az Food Engineering Magazine nəşrində dərc olunan sənaye hesabatına istinadla xəbər verir ki, istehlakçılar məhsulun mənşəyi barədə daha şəffaf məlumat tələb etməyə başlayıblar. Xüsusilə son illərdə baş verən qlobal logistika problemləri və qida təhlükəsizliyi ilə bağlı hadisələr bu marağı daha da artırıb.

ABŞ-ın qida marketinqi üzrə eksperti professor David Hughes bildirib ki, müasir istehlakçı yalnız məhsulun qiymətinə deyil, onun istehsal tarixçəsinə də diqqət yetirir. Onun sözlərinə görə, insanlar aldıqları qidanın hansı ölkədə istehsal edildiyini, hansı xammaldan hazırlandığını və hansı standartlara uyğun olduğunu öyrənmək istəyirlər.

Mütəxəssislər qeyd edirlər ki, yerli məhsullara marağın artması da bu tendensiyanın tərkib hissəsidir. Bir çox istehlakçı yerli istehsalın iqtisadiyyata töhfə verdiyini və məhsulun daha təzə olduğunu düşünür.

Araşdırmalar göstərir ki, məhsulun mənşəyi barədə ətraflı məlumat təqdim edən istehsalçılar alıcı etimadını daha asan qazana bilirlər. Buna görə də şirkətlər etiketlərdə və rəqəmsal platformalarda daha geniş məlumat paylaşmağa başlayıblar.

Ekspertlər hesab edirlər ki, gələcəkdə qida sektorunda şəffaflıq əsas rəqabət üstünlüklərindən birinə çevriləcək.