Yay aylarında düzgün maye qəbulu orqanizmin istilərə daha rahat uyğunlaşmasına kömək edir. Mütəxəssislər bildirirlər ki, isti havalarda içkilərin seçimi susuzluğun aradan qaldırılmasında və ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır. Foodinfo.az RT saytına istinadla xəbər verir ki, həkim-diyetoloq Xristina Nikiforova isti günlərdə bəzi içkilərdən uzaq durmağı tövsiyə edib.

Onun sözlərinə görə, şəkərli qazlı içkilər susuzluğu azaltmaq əvəzinə daha da artıra bilər. Dietoloq qeyd edib ki, enerji içkiləri ürək ritminə mənfi təsir göstərə, bəzi şirələr isə yüksək fruktoza səbəbindən həzm sistemində narahatlıq yarada bilər. Xristina Nikiforova isti havalarda şəkərsiz yaşıl alma və ya ravənd kompotunun, həmçinin sadə suyun daha faydalı seçim olduğunu bildirib. O əlavə edib ki, kokos suyu təbii elektrolit mənbəyi hesab olunur, hibiskus kimi bitki çayları isə orqanizmin sərinləməsinə dəstək verir.

Mütəxəssis günorta saatlarında göyərti və az miqdarda duz əlavə edilmiş ayranın yaxşı seçim olduğunu vurğulayıb. Onun fikrincə, içkilərin temperaturu da xüsusi əhəmiyyət daşıyır. Belə ki, buz kimi soyuq su mədədə damarların reflektor spazmına səbəb ola bilər və nəticədə susuzluq hissi qısa müddət sonra yenidən yaranar. Dietoloq yay aylarında içkilərin 18-25 dərəcə temperaturda qəbul edilməsini məsləhət görür. O, həmçinin xiyar, qabaq, patisson, müxtəlif yarpaqlı göyərtilər, fermentləşdirilmiş tərəvəzlər və qarpızın isti havalarda orqanizmin daha rahat fəaliyyət göstərməsinə kömək etdiyini bildirib. Qarpızın tərkibində olan likopin və sitrullinin ürək-damar sisteminə düşən yükün azalmasına dəstək verdiyi qeyd olunub.