Yemək zamanı su içməyin həzm prosesinə mənfi təsir göstərdiyi barədə yayılan fikirlər elmi baxımdan təsdiqlənmir. Mütəxəssislər bildirirlər ki, sağlam insanlarda qida ilə birlikdə qəbul edilən su həzm sisteminin fəaliyyətini pozmur. Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, tibb elmləri namizədi, qastroenteroloq Yekaterina Kaşux yemək zamanı su içməyin zərərli olması ilə bağlı fikrin mif olduğunu açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, mədə sabit miqdarda turşu saxlayan passiv bir orqan deyil, orqanizmin ehtiyaclarına uyğun fəaliyyət göstərən dinamik sistemdir. O qeyd edib ki, içilən bir stəkan su qidanın həzm olunmasına mane ola bilməz. Yekaterina Kaşux bildirib ki, nəzəri olaraq su mədə turşuluğunu qısa müddət ərzində cüzi şəkildə azalda bilər, lakin bu dəyişiklik qidanın həzm prosesinə nəzərəçarpacaq təsir göstərmir.

Həkim vurğulayıb ki, əksinə, su qida kütləsinin daha yumşaq və elastik olmasına kömək edir. Bu isə qidanın mədə-bağırsaq sistemi boyunca daha rahat hərəkət etməsini təmin edir. Onun fikrincə, quru qidaların su olmadan qəbul edilməsi bəzi insanlarda ağırlıq hissi, köp və narahatlıq yarada bilər.

Mütəxəssis həmçinin qeyd edib ki, gündəlik su tələbatının qarşılanması ümumi sağlamlıq üçün vacibdir. Su orqanizmdə maddələr mübadiləsinin normal getməsinə, qida maddələrinin daşınmasına və bədən temperaturunun tənzimlənməsinə kömək edir. Buna görə də yemək zamanı və ya yeməkdən sonra su içməkdən çəkinməyə ehtiyac yoxdur.

Yekaterina Kaşuxun sözlərinə görə, əsas məsələ suyun miqdarını normada saxlamaq və fərdi sağlamlıq vəziyyətini nəzərə almaqdır. Mədə və həzm sistemi ilə bağlı xüsusi xəstəlikləri olan şəxslər isə qidalanma rejimi barədə həkim tövsiyələrinə əməl etməlidirlər.