Yay mövsümünün sevilən meyvələrindən olan gilas təkcə dadı ilə deyil, zəngin qida tərkibi ilə də diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, bu meyvə müxtəlif vitamin və minerallarla zəngin olduğundan orqanizmin bir çox sistemlərinə müsbət təsir göstərə bilər. Foodinfo.az Lenta.ru saytına istinadla xəbər verir ki, endokrinoloq və nutrisioloq Darya Xaykina gilasın sağlamlıq üçün əhəmiyyətli faydalarından danışıb.
Həkimin sözlərinə görə, gilasın tərkibində olan antosianlar güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Bu maddələr hüceyrələri zədələyən sərbəst radikallara qarşı mübarizə aparmağa kömək edir. Darya Xaykina bildirib ki, gilasın müntəzəm qəbulu ödem və oynaq nahiyəsində narahatlıq yaşayan insanlar üçün faydalı ola bilər.
Mütəxəssis qeyd edib ki, gilas orqanizmdən artıq mayenin təbii şəkildə xaric olunmasına kömək edir. Bu xüsusiyyət damarlar və ürək üzərinə düşən yükün azalmasına dəstək verir. Onun sözlərinə görə, bu proses yumşaq şəkildə baş verir və vacib mikroelementlərin ciddi itirilməsi ilə müşayiət olunmur.
Darya Xaykina əlavə edib ki, gilasın tərkibindəki kalium normal arterial təzyiqin qorunması və ürək əzələsinin sağlam fəaliyyəti üçün vacibdir. Meyvədə olan C vitamini, beta-karotin və sink isə immun sisteminin normal işləməsinə töhfə verir. Bu maddələr orqanizmin infeksiyalara qarşı müdafiə qabiliyyətinin güclənməsində mühüm rol oynayır.






