Alimlər ultraemal olunmuş qidaların müntəzəm istifadəsinin beyin sağlamlığı üçün ciddi təhlükə yarada biləcəyini bildirirlər. Yeni araşdırmaya görə, gündəlik rasionda bu tip məhsulların cüzi artımı belə yaddaş və düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər.
Foodinfo.az e-vesti.ru saytına istinadla xəbər verir ki, Avstraliyanın Monaş Universitetinin alimi Barbara Kardosonun rəhbərlik etdiyi araşdırmada ultraemal olunmuş qidaların diqqətin zəifləməsi və demensiya riskinin artması ilə əlaqəli olduğu müəyyən edilib. Tədqiqat müəlliflərinin sözlərinə görə, gündəlik qidalanmada belə məhsulların payının cəmi 10 faiz artırılması risk göstəricilərini yüksəldir.
Araşdırmada qeyd olunub ki, ultraemal olunmuş qidalara kolbasa, sosiska, çips, hazır qəlyanaltılar, şirin qazlı içkilər və çoxsaylı əlavələrdən hazırlanmış məhsullar daxildir. Bu qidaların tərkibində yüksək miqdarda şəkər, duz və yağ olsa da, beyin üçün vacib vitamin və minerallar az olur.
Mütəxəssislər bildirirlər ki, ultraemal olunmuş qidalar bağırsaq mikroflorasına və hormonal sistemə mənfi təsir göstərərək nevroloji problemlərin yaranmasına səbəb ola bilər. Harvard Tibb Məktəbinin nevrologiya professoru U. Teylor Kimberlinin araşdırmasına əsasən, bu məhsulların qəbulunun 10 faiz artması koqnitiv pozuntular riskini 16 faiz yüksəldir.
Alimlər eyni zamanda vurğulayırlar ki, ultraemal olunmuş qidaların minimum emal olunmuş və təbii məhsullarla əvəz edilməsi gələcəkdə demensiya riskini azalda bilər. Xüsusilə tərəvəz, meyvə, paxlalılar, tam taxıllar və zeytun yağı ilə zəngin Aralıq dənizi tipli qidalanmanın beyin sağlamlığına müsbət təsir göstərdiyi qeyd olunur.






