Dadlı, yumşaq və şirəli kotlet hazırlamaq üçün bəzi vacib məqamlara diqqət yetirmək lazımdır. Mətbəxdə tez-tez edilən səhvlər isə yeməyin həm dadını, həm də quruluşunu poza bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, ən böyük səhvlərdən biri qiyməyə isladılmış çörək içinin əlavə edilməməsidir. Bu ərzaq ətin şirəsini özündə saxlayaraq kotletin daha yumşaq və sulu alınmasına kömək edir. Lakin normadan artıq istifadə etmək tövsiyə olunmur. Mütəxəssislər 1 kiloqram qiymə üçün 250-300 qram çörəyin kifayət etdiyini bildirirlər.

Digər yanlış addım isə yumurtadan həddindən artıq istifadə olunmasıdır. Bişirmə zamanı yumurta bərkiyərək kotletin quru və sərt olmasına səbəb ola bilər. Əgər qiymə yaxşı yoğrulubsa, əlavə yumurtaya ehtiyac olmaya bilər.

Mətbəx ustaları qiyməyə bir qədər quyruq yağı və ya piy əlavə etməyi də məsləhət görürlər. Bu üsul kotletin daha şirəli, yumşaq və dadlı alınmasına kömək edir. Həmçinin bişirmə zamanı daha az yağ istifadə etməyə imkan yaradır.

Bildirilib ki, kotletin suxarıya bulanması da vacib məqamlardan biridir. Bu üsul kotletin tavaya yapışmasının qarşısını alır, üzərində iştahaçan qızarmış qat yaradır və iç hissəsinin şirəli qalmasına kömək edir.