Düyü dünyanın ən çox istehlak edilən ərzaqlarından biri hesab olunur və milyonlarla insan onu gündəlik qida rasionunda istifadə edir. Mütəxəssislər isə son vaxtlar düzgün saxlanılmayan və yenidən qızdırılan düyünün sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, həkimlərin sözlərinə görə, problem düyünün yenidən qızdırılmasının özündə deyil, onun bişirildikdən sonra necə saxlanılmasındadır. Bildirilir ki, düyünün tərkibində “Bacillus cereus” adlı bakteriyanın sporları ola bilər. Əgər bişmiş düyü uzun müddət otaq temperaturunda qalarsa, həmin sporlar aktivləşərək bakteriyaya çevrilə bilər.
Mütəxəssislər qeyd edirlər ki, belə düyünün qəbul edilməsi ürəkbulanma, qarın ağrısı, ishal və həzm pozğunluğu kimi problemlərə səbəb ola bilər. Simptomların bəzi hallarda yeməkdən cəmi bir neçə saat sonra ortaya çıxdığı bildirilir.
Britaniya Milli Səhiyyə Xidməti də vətəndaşlara bişmiş düyünün soyuduqdan dərhal sonra soyuducuda saxlanılmasını tövsiyə edir. Həkimlər düyünün bir gündən artıq saxlanılmamasını və yalnız bir dəfə yenidən qızdırılmasını məsləhət görürlər.
Qida təhlükəsizliyi üzrə mütəxəssislər bildirirlər ki, düzgün saxlanılan və kifayət qədər isti şəkildə qızdırılan düyü adətən təhlükəli hesab olunmur. Bununla yanaşı, isti havalarda və yay mövsümündə qidaların saxlanma qaydalarına daha ciddi əməl olunmasının vacibliyi vurğulanır.
Ekspertlər insanların hazır yeməkləri otaq temperaturunda uzun müddət saxlamamasını, xüsusilə düyü və makaron kimi məhsullarda gigiyena qaydalarına diqqət yetirməsini tövsiyə edirlər.






