Vineqret sadə salatlardan biri hesab olunsa da, onu həm dadlı, həm də görünüşcə iştahaçan hazırlamaq hər zaman asan olmur. Mütəxəssislər bildirirlər ki, bir neçə vacib məqama diqqət yetirməklə salatı daha uğurlu hazırlamaq mümkündür.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, kulinariya ustaları vineqretin əsas sirrinin tərəvəzlərin düzgün hazırlanmasında olduğunu bildirirlər.

Ekspertlərin sözlərinə görə, çuğundur digər ərzaqları rəngləməməsi üçün qabığında bişirilməlidir. Daha sonra doğranmış çuğundura az miqdarda qoxusuz bitki yağı əlavə etmək tövsiyə olunur. Bu üsul çuğundurun şirəsinin digər məhsullara yayılmasının qarşısını alır.

Kartofun salatda formasını itirməməsi üçün onu əvvəlcədən kub şəklində doğrayaraq bişirmək məsləhət görülür. Mütəxəssislər bildirirlər ki, bişirmə zamanı suya bir qədər limon şirəsi əlavə olunması kartofun daha möhkəm qalmasına kömək edir.

Yerkökünün də eyni qaydada əvvəlcədən doğranaraq hazırlanması tövsiyə edilir. Ekspertlər qeyd edirlər ki, bişdikdən dərhal sonra süzgəcə alınması tərəvəzin teksturasını qorumağa imkan verir.

Kulinariya mütəxəssisləri soğanın kəskin dadının vineqretin ümumi balansını poza biləcəyini vurğulayırlar. Bunun qarşısını almaq üçün doğranmış soğanın üzərinə qısa müddət qaynar su tökülməsi məsləhət görülür.

Turş kələmin isə salata xüsusi dad və fayda verdiyi bildirilir. Bununla yanaşı, artıq mayenin sıxılması və kələmin bir qədər xırdalanması vineqretin daha səliqəli və ahəngdar görünməsinə kömək edir.

Mütəxəssislər qeyd edirlər ki, sadə üsullarla hazırlanan vineqret həm daha gözəl görünür, həm də dad baxımından daha balanslı alınır.