Mütəxəssislər həzm sisteminin normal fəaliyyəti üçün fiziki hərəkətin vacibliyini bir daha vurğulayırlar. Dietoloqların fikrincə, bəzi rəqs növləri mədə-bağırsaq sisteminin işinə müsbət təsir göstərə bilər.
Foodinfo.az Абзац saytına istinadla xəbər verir ki, dietoloq Yelena Solomatina qarın rəqsinin həzm sisteminə gözlənilməz faydaları olduğunu bildirib.
Ekspertin sözlərinə görə, bu rəqs zamanı qarın boşluğu əzələləri aktiv şəkildə işləyir. Əzələlərin yığılması qan dövranını yaxşılaşdırır və daxili orqanlara daha çox oksigen çatmasına kömək edir. Bu isə orqanizmdə maddələr mübadiləsinin daha aktiv getməsinə şərait yaradır.
Dietoloq qeyd edib ki, mədə-bağırsaq sistemi daim hərəkətdə olmalıdır və bunun üçün fiziki aktivlik xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, qarın rəqsində istifadə olunan titrəmə və ritmik hərəkətlər qan axınının normallaşmasına müsbət təsir göstərir.
Mütəxəssis bildirib ki, sağlam qan dövranı mədə, bağırsaq və digər həzm orqanlarının fəaliyyətinə birbaşa təsir edir. Bu səbəbdən müntəzəm hərəkət həzm prosesinin daha effektiv işləməsinə kömək edə bilər.
Yelena Solomatina həzm sistemi ilə beyin fəaliyyəti arasında əlaqənin olduğunu da vurğulayıb. Onun sözlərinə görə, rəqs yalnız fiziki aktivlik deyil, həm də beynin fəaliyyətini stimullaşdıran məşğuliyyət hesab olunur.
Ekspert qeyd edib ki, rəqs zamanı yaranan müsbət emosiyalar və koordinasiya hərəkətləri sinir sisteminə də fayda verir. Bu isə dolayısı ilə həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilər.






