Mütəxəssislər uzun müddətdir ki, sürətli yemək vərdişinin həzm sistemi üçün zərərli olduğunu bildirirlər. Son araşdırmalar isə bunun təkcə mədə deyil, həm də beyin fəaliyyəti ilə əlaqəli problemlər yarada biləcəyini göstərib.
Foodinfo.az “Science Alert” portalına istinadla xəbər verir ki, nevroloq Daniel Harper sürətli qidalanmanın beyinə toxluq siqnallarının gec çatmasına səbəb olduğunu bildirib. Onun sözlərinə görə, insan yeməyi çox tez qəbul etdikdə beyin doyma hissini vaxtında qeydə ala bilmir və nəticədə həddindən artıq qida qəbulu baş verir.
Ekspert qeyd edib ki, bu vəziyyət piylənmə ilə yanaşı yaddaş və diqqət problemlərinə də təsir göstərə bilər. Çünki həddindən artıq kalorili qidalanma damar sisteminə yük yaradır və beynin normal qan dövranını zəiflədir.
Araşdırmalar göstərir ki, yeməyin yavaş çeynənməsi həzm prosesini asanlaşdırır və toxluq hissinin daha tez yaranmasına kömək edir. Dietoloqlar hər tikənin ən azı 20-25 dəfə çeynənməsini və yemək zamanı telefondan istifadə edilməməsini tövsiyə edirlər.






