Müasir insanların əksəriyyəti səhərə zəngli saatın səsi və bir fincan qəhvə ilə başlayır. Lakin mütəxəssislər acqarına qəhvə içməyin mədə və sinir sistemi üçün arzuolunmaz təsirlər yarada biləcəyini dəfələrlə vurğulayıblar. Buna görə bir çox insan daha sağlam və təbii enerji mənbələri axtarmağa başlayır.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, səhər yuxusunu açmaq və gün boyu enerjili qalmaq üçün qəhvəyə alternativ hesab olunan bir neçə içki mövcuddur. Dietoloqlar bildirirlər ki, bəzi içkilər həm orqanizmi oyadır, həm də əlavə faydaları ilə diqqət çəkir.

Qara çay ən məşhur alternativlərdən biri hesab olunur. Onun tərkibində olan tein maddəsi yorğunluğu azaltmağa kömək edir və diqqətin daha uzun müddət cəmlənməsini təmin edir. Mütəxəssislərin sözlərinə görə, qara çayın təsiri qəhvə ilə müqayisədə daha uzun davam edə bilir.

Yaşıl çay isə yalnız enerji verməklə kifayətlənmir. Bu içki orqanizmi vitaminlər və antioksidantlarla təmin edir, sinir sistemini dəstəkləyir və fiziki yüklənməyə davamlılığı artırır. Lakin onun oyadıcı təsiri təxminən 40-50 dəqiqə davam edir.

Həkimlər bitki dəmləmələrinin də faydalı seçim olduğunu bildirirlər. Xüsusilə zəncirotu, itburnu, melissa, zəncəfil kökü və limonotu ilə hazırlanan içkilər orqanizmə tonus verir. Bu cür dəmləmələr kofeinsiz olduğu üçün ürək-damar problemi yaşayan insanlar üçün daha uyğun hesab olunur.

Kakao da enerji verən içkilər arasında göstərilir. Tərkibində kofein, teobromin və teofillin olduğu üçün zehni fəaliyyəti stimullaşdırır və fiziki yorğunluğun azalmasına kömək edir. Mütəxəssislər qeyd edirlər ki, kakao xüsusilə intensiv iş günlərində faydalı ola bilər.

Siyahıda yer alan digər içki isə kasnıdır. Kasnı orqanizmi B qrupu vitaminləri və müxtəlif minerallarla təmin edir, ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir və əhval-ruhiyyəyə müsbət təsir göstərir. Buna görə də bir çox dietoloq onu qəhvəyə sağlam alternativ kimi tövsiyə edir.