Son illərdə region ölkələrinin milli mətbəxləri yalnız ənənələrin qorunması ilə deyil, həm də müasir yanaşmalarla diqqət çəkməyə başlayıb. Mütəxəssislər hesab edir ki, müxtəlif ölkələrin kulinariya ənənələri arasında yaranan qarşılıqlı təsir yeni qastronomik dialoqun formalaşmasına səbəb olur.

Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, beynəlxalq “Wheretoeat International” restoran mükafatının təsisçisi İrina Tiusonina region ölkələrinin mətbəxlərinin artıq sadəcə milli irs nümunəsi deyil, həm də mədəni ünsiyyət vasitəsinə çevrildiyini bildirib.

Onun sözlərinə görə, Belarusda aşpazlar yerli kökümeyvələr, göbələklər və taxıl məhsulları ilə işləyərək fermentasiya və xüsusi emal üsulları vasitəsilə yeni dad çalarları yaradırlar. Gürcüstanda isə diqqət daha çox mövsümi məhsullara və balanslı dadlara yönəlir. Ənənəvi reseptlərdən çox, konkret məhsulun keyfiyyəti ön plana çıxır.

Ekspert qeyd edib ki, Ermənistanda müəllif mətbəxi inkişaf edir, fermentləşdirilmiş məhsullar və fərqli teksturalar daha geniş istifadə olunur. Azərbaycanda isə əsas diqqət bişirmə texnikasına, məhsulun strukturuna və plov kimi qədim yeməklərin hazırlanma qaydalarına verilir. Burada nümayişkaranə eksperimentlərdən çox, peşəkar kulinariya dəqiqliyi üstünlük təşkil edir.

Məqalədə vurğulanıb ki, Özbəkistan və Qazaxıstanda da milli yeməklər müasir təqdimatla yenidən interpretasiya olunur. Xüsusilə Qazaxıstanda ənənəvi ət yeməkləri və bulyonlar daha müasir qastronomik yanaşmalarla təqdim edilir.

Mütəxəssislərin fikrincə, region ölkələrinin mətbəxləri artıq bir-biri ilə rəqabət aparmaqdan çox, ortaq qastronomik məkan yaradır. Bu proses isə milli mətbəxlərin beynəlxalq səviyyədə daha geniş tanınmasına şərait yaradır.