Sinə nahiyəsində yaranan ağrılar hər zaman ürəklə bağlı olmaya bilər. Mütəxəssislər bildirirlər ki, belə hallar qastrit, osteoxondroz, qabırğaarası nevralgiya və digər problemlərlə də əlaqəli ola bilər. Lakin bəzi əlamətlər ürək xəstəliklərinə işarə edir və təcili tibbi yardım tələb edir.
Foodinfo.az aif.ru saytına istinadla xəbər verir ki, kardioloq Abdurafi Xoşimov ürək ağrısını göstərən əsas əlamətləri açıqlayıb. Həkimin sözlərinə görə, ağrı əsasən döş sümüyünün arxasında hiss olunur və sol çiyinə, çənəyə, kürəyə və ya qarının yuxarı hissəsinə yayıla bilər. Bəzən bu hal qusma ilə də müşayiət olunur.
Mütəxəssis qeyd edib ki, ürəklə bağlı ağrılar fiziki gərginlik və ya stress zamanı yaranır. Ağrı kəskin, yandırıcı, sıxıcı və ya deşici xarakter daşıya bilər. Bununla yanaşı nəfəs darlığı, başgicəllənmə, qorxu hissi və narahatlıq da müşahidə olunur.
Həkim vurğulayıb ki, bədən vəziyyətini dəyişmək ağrını azaltmırsa, ürək ritmində pozuntu və təzyiq dəyişiklikləri yaranırsa, bu ciddi təhlükə siqnalı hesab edilməlidir. Belə ağrılar bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər və nitroqliserinlə zəifləyə bilər.
Kardioloq bildirib ki, bu əlamətlər zamanı vaxt itirmədən təcili tibbi yardım çağırmaq lazımdır. O, həmçinin bəzi infarkt hallarının ağrısız keçə biləcəyini də diqqətə çatdırıb.






