Çuğundur bir çox salat və yeməklərin əsas inqrediyentlərindən biridir. Lakin bişirmə zamanı onun parlaq rəngini itirməsi və soyulmasının çətin olması evdar qadınların tez-tez qarşılaşdığı problemlərdəndir.

Foodinfo.az BB.lv saytına istinadla xəbər verir ki, mütəxəssislər çuğundur seçiminə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Onların sözlərinə görə, iri ölçülü kökümeyvələrin bişirilməsi daha çox vaxt aparır və istənilən nəticəni əldə etmək çətinləşir. Bundan əlavə, çuğunduru bişirmədən əvvəl iki hissəyə bölmək onun dadına və şirəliliyinə mənfi təsir göstərə bilər.

Ekspertlər bildirirlər ki, çuğundurun hazırlanması zamanı ən çox edilən səhvlərdən biri kökün uc hissəsinin kəsilməsidir. Çuğundur yalnız yaxşıca yuyulmalı, lakin quyruq hissəsi saxlanılmalıdır. Əks halda, bişirmə zamanı tərəvəz öz təbii rəngini və şirəsini itirə bilər.

Məqalədə qeyd olunur ki, çuğundurun zəngin tünd-qırmızı rəngini qorumaq üçün bişirmə suyuna bir neçə qaşıq sirkə əlavə etmək faydalıdır. Sirkə əvəzinə limon suyundan da istifadə etmək mümkündür. Turş mühit tərəvəzin rənginin daha canlı qalmasına kömək edir.

Mütəxəssislər həmçinin çuğundurun asan soyulması üçün sadə üsul təklif edirlər. Bunun üçün bişmiş çuğunduru dərhal soyuq suya salmaq lazımdır. Temperatur fərqi qabığın daha rahat ayrılmasına şərait yaradır və təmizləmə prosesini xeyli asanlaşdırır.

Qida texnoloqları hesab edirlər ki, bu sadə qaydalara əməl etməklə çuğundurun həm görünüşünü, həm də dad keyfiyyətlərini maksimum dərəcədə qorumaq mümkündür.