Duz orqanizm üçün vacib maddələrdən biri hesab olunsa da, onun həddindən artıq istifadəsi sağlamlıq üçün ciddi risk yarada bilər. Mütəxəssislər bildirirlər ki, uzun müddət çox duz qəbul etmək ürək-damar sistemi ilə yanaşı, beynin fəaliyyətinə də mənfi təsir göstərir.
Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux duzun natrium və xlor mənbəyi olduğunu, bu maddələrin sinir impulslarının ötürülməsi, əzələlərin fəaliyyəti və su-duz balansının qorunması üçün mühüm rol oynadığını deyib. Onun sözlərinə görə, duz çatışmazlığı zamanı əzələ zəifliyi, qıcolma, təzyiqin enməsi və yaddaş problemləri yarana bilər.
Mütəxəssis qeyd edib ki, duzun həddindən artıq istifadəsi bağırsaq mikroflorasını dəyişdirərək iltihabi və neyrodegenerativ proseslərlə əlaqəli bakteriyaların çoxalmasına səbəb olur. Bu isə yaddaşın zəifləməsi, öyrənmə qabiliyyətinin azalması və narahatlığın artması ilə nəticələnə bilər.
Həkim bildirib ki, xüsusilə hipertoniya, şəkərli diabet, piylənmə, xroniki böyrək xəstəlikləri və ürək çatışmazlığı olan şəxslər, eləcə də ödemə meylli və yaşlı insanlar duz qəbulunu məhdudlaşdırmalıdırlar. Bu şəxslərə adətən həkim nəzarəti altında gündəlik duz miqdarını 3 qrama qədər azaltmaq tövsiyə olunur.






