Bəzi uşaqlar uzun müddət ət və balıq yeməkdən imtina edir. Mütəxəssislər bildirirlər ki, bu hal sadəcə naz və ya yemək seçkənliyi kimi qiymətləndirilməməlidir. Uşaq orqanizminin inkişafı üçün vacib olan zülal, dəmir və digər maddələrin çatışmazlığı ciddi problemlərə səbəb ola bilər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, uşaq qidalanması üzrə məsləhətçi, nutrisioloq Yuliya Barıçeva uşaqlarda qidaya qarşı seçici münasibətin fizioloji və ya psixoemosional səbəblərlə bağlı ola biləcəyini deyib. Onun sözlərinə görə, valideynlərin “böyüyəndə özü düzələr” düşüncəsi ilə vəziyyətə müdaxilə etməməsi düzgün yanaşma deyil.
Mütəxəssis qeyd edib ki, uzun müddət ət və balıqdan imtina edən uşaqlarda qanazlığı, immun sisteminin zəifləməsi və davranış problemləri yarana bilər. Bəzi hallarda uşaqlar 7-12 yaşdan sonra bu qidaları qəbul etməyə başlasalar da, həmin dövrə qədər orqanizmdə müəyyən çatışmazlıqlar artıq formalaşmış olur.
Ekspertin fikrincə, valideynlər uşağın qidalanmasına diqqətlə yanaşmalı, lazım gəldikdə həkim və ya qidalanma mütəxəssisi ilə məsləhətləşməlidirlər. Erkən müdaxilə gələcək sağlamlıq problemlərinin qarşısını almaqda mühüm rol oynayır.






